TEBRİZ ŞEHRİ KAMU HİZMET SİSTEMİNE AİT ŞEHİR PLANLAMASININ GELİŞTİRİLMESİ


Creative Commons License

Dr. Öğr. Üyesi HAYDEH SADEGHZADEH BENAM

Tez Türü: Doktora

Tezin Yürütüldüğü Kurum: Azerbaycan Mimarlik ve Insaat Üniversitesi, Mimarlık ve İnşaatnn Üniversitesi, Mimarlık, Azerbaycan

Tez Danışmanı: Fikret Hüseynov

Tezin Onay Tarihi: 2017

Tezin Dili: Azerbaycan Dili

Açık Arşiv Koleksiyonu: AVESİS Açık Erişim Koleksiyonu

Desteklendiği Program: San-Tez Programı

Özet:

İran İslam Respublikası və onun iri qədim şəhərlərindən biri olan Təbriz öz memarlıq və şəhərsalma irsinə görə xüsusi məna kəsb edir. Bu şəhərin uzun sürən həyat fəaliyyəti müxtəlif təbii, iqtisadi, siyasi, dini, sosial və s. hadisələrin təsiri altında zaman-zaman dəyişmiş və cəmiyyətdə geniş rezonansa səbəb olaraq, son illərin radikal dəyişmələr səbəbindən tədqiqat mövzusuna çevirmişdir.

Qeyd edək ki, Təbriz şəhəri çox şaxəli bir şəhərsalma qurumu olduğundan onun müxtəlif istiqamətli sahələri İran və xarici ölkələrin alimləri tərəfindən təhlil edilib, araşdırılmışdır. Lakin bu şəhərin ictimai xidmət sisteminin şəhərsalma problemləri sərbəst tədqiqat mövzusu kimi baxılmamışdır. Bu səbəbdən, sistemin müasir mövcud vəziyyətinin zəif təşkil xarakter aldığından analiz edilmiş, təkmilləşdirilməsi istiqamətləri Təyin edilərək, müasir zaman tələbinə əhalisinin sosial tələbatlarına cavab verən rasional həlli yolları axtarılmışdır. Onu da qeyd etmək lazımdır ki, şəhər əhalisinin həyat tərzinin mobilliyi və rifahının yüksəldilməsi bu gün öndə olan məsələlərdən biridir və özünü daha qabarıq formada məhz Təbriz şəhərinin tarixən formalaşmış şəraitində göstərməkdədir.

Təbrizin tarixi karvan yolları kəsişməsində yerləşməsi onu müxtəlif dövlətlər üçün maraqlı etməsində: beynəlxalq mahiyyəti, mədəniyyəti, ticarət əlaqələri və əlbətdə ki, çox qədim memarlıqdır. Lakin zaman keçdikcə Təbrizdə ticarətlə yanaşı digər ictimai-iqtisadi proseslər inkişaf tapdığından intellektual və yaradıcı profili, əmək sahələri artıq konkret dəyər tapır və yeni tendensiyalar formasında tam başqa səviyyədə təkmül etmişdir. Belə ki, şəhər strukturunda xidmət sahələrinin mahiyyəti artdıqca, insan  ağır əmək yükündən nisbətən azad olur və öz sosial tələbində maddi xidmət tikintilərinin çoxaltmasına meyl göstərirdi. Ümumilikdə əhalinin “ictimai xidmət sistemi”nə bir anlayış kimi bir açıqlama versək, görərik ki, bu sahəyə tam hüquqla, digər qulluq növlərini və xidmət sahələrini aid etmək olar.

Məlum olduğu kimi, bir sıra elmi nəşrlərdə ictimai xidmət sisteminə ilk növbədə inzibati, idarəetmə, ictimai-qulluq təşkilatları, mədəni-maarif ocaqları, tədris və s. sahələri aid edir. Digərlərində isə bu sistemin tərkib hissələri “ictimai-ticarət mərkəzləri” adlandırılır, halbuki, Təbrizdə tarixən böyük miqyaslı, geniş şaxəli olan ticarət bir xidmət sistemi kimi Şərq ölkələrinin tarixi şəhərlərini formalaşdırmış və onların strukturyaradıcı özəyi olmuşdur, bu səbəbdən də ticarətin ictimai əhəmiyyəti azalmaqdan çox daha da artmışdır. Deməli, ticarəti təmin edən xarici əlaqələr (nəqliyyat), əmək, istirahət, məişət, mədəniyyət, indi də işgüzarlıq (biznes), və digər ictimai fəaliyyətlər yalnız terminoloji-təqdimatda dəyişmişdir, əslində isə onlar birlikdə cəmiyyətin həyat tərzinin təminatçısı olmuşlar. Bu üzdən, tədqiqatda “ictimai xidmət sistemi” daha geniş izahda təqdim edilir və onun tərkibinə aid edilən digər xidmət sahələrini köməkçi və təkanverici komponentlər sayaraq iştirakları əsaslandırılır.

Beləki, ictimai xidmət sisteminin iri şəhər şəraitində dəyişilməsi zəruri bir proses kimi əsasən iqtisadi dirçəlişi, əhalinin əmək bacarığı sosial məişətə tələbləri və onun ən fəal kontingentinin artmaqda olan tələbat differensiallığı hesab edilir ki,  bu həmdə onların şəhər mərkəzlərində və nəqliyyat qovşaqlarında cəmlənməsindən irəli gəlir. İctimai xidmət sisteminin ümumi istiqamətinin dəyişilməsini son zamanlar özünü doğrultmuş, çoxfunksiyalı xidmət qruplarının yaranması ilə əsaslandırmaq olar.

Sualın qoyuluşu. Tədqiqatın ardıcıl olaraq hissə-hissə aparılan bir çox məsələlərinin təhlilləri arasında Təbriz şəhərinin ictimai xidmət sisteminin hələ də müasir zaman tələbinə cavab verməməsi üzə çıxır, halbu ki, hələ orta əsrlərdə bu şəhrin formalaşan xarici əlaqələrinə digər struktur elementlərinin fonunda fəaliyyətinə çox yaxşı şərait yaradılmışdır. Digər tərəfdən, tarixi təcrübələrin təhlili də göstərir ki, orta əsr qala şəhərlərinin əksəriyyətində məhz “-ictimai ticarət” xidmət sisteminin aparıcı meyarı olmuş və çox vaxt digər xidmət sahələrin inkişafına təkan vermişdi.

Qeyd edək ki, Təbrizin şəhərsalma tarixi bir çox xarici və yerli alimlər tərəfindən tədqiq edilsə də, onun yaşayışı binaları, memarlıq tarixi, sənayesi, şəhər estetikası, ticarət sistemi və bazarları, landşaft memarlığı, ekoloji durumu və s.bu kimi problemlərinin  təhlili daha çox gənc memar və şəhərsalma mütəxəssisləri tərəfindən aparılsa da, bu şəhrin  sırf ictimai xidmət sisteminin təşkilinin həlli və  təkmilləşdirilməsi yollarının göstərilməsi üzrə elmi tədqiqat materialları  yox dərəcəsindədir və onlar öz həllini gözləyir. Təbrizin tarixinə həsr olunmuş tədqiqatlar yerli və xarici alimlər tərəfindən aparılmışdır. Onların sirasında: Onullahi S.M., Qiyasi C.Ə., Kərimov V., Cavadi Ş., Petruşevski İ.P., Mirzə N., Minorski V.F., Əbdülqasım C., Cəfəri X., Təbrizi H.H., Çələbi Ö., Aşurbəyli S., Məmmədov K., Marko-Polo, Paxomov E.A., Bunyatov Z., Salamzadə A.V., Hüseynov M., Əliyev İ., Barbaro, Rəbi Rəşidi, Qəzvini Y., Şarden, Əliyeva K., Oleari A., Rəhmani Ə.Ə., Mənsuri F., Fətullayev Ş. və digər alimlərin  adlarını çəkmək olar. Lakin alimlərin tədqiqatları daha çox Təbrizin tarixinə və müasir həyatının ayrı-ayrı şəhərsalma sahələrinə həsr edilmişdir. Lakin Təbriz şəhərinin ictimai xidmət sisteminin şəhərsalma baxımdan inkişafına səbəb olan və bu sistemin pozulmasını şərtləndirən amillər elmi baxımımndan təhlil olunmamış və onun təkmilləşdirilməsi üçün zəruri olan şəhərsalma tədbirləri müəyyən edilməmişdir. Bununla bağlı hesab edirik ki, seçilən mövzu zaman tələblərinə uyğun olan  aktual problemlərin həllinə yönəldilmişdir.

       Tədqiqatın məqsədi Təbriz şəhərinin mövcud olan ictimai xidmət növlərinin araşdırılması ilə, hal-hazırkı vəziyyətinin müəyyən edilməsindən, onun bu günkü sosial-iqtisadi statusuna və əhalisinin tələbinə uyğun olan ictimai xidmət növlərini bir sistemdə birləşdirən vahid şəhərsalma təşkili prinsiplərinin təhlilindən və yeni şəhərsalma konsepsiyasının  üzə çıxarılmasından ibarətdir.

Bu məqsədlə əlaqəli dissertasiyada aşağıdakı əsas məsələlərin həlli qoyulmuşdur:

     - Təbriz şəhərinin ictimai xidmət sisteminin tarixi mərhələlər üzrə inkişaf yolunun təhlili  məqsədi ilə qədim və orta əsrlərdə Təbrizdə ictimai xidmət sahələrinin  formalaşma yollarının araşdırılması;

    -  XIX-XX əsrin birinci yarısında Təbriz şəhərində formalaşmış ictimai xidmət sahələrinin tədqiqi;

     -  Müasir dövrdə Təbriz şəhərinin ictimai xidmət sisteminin vəziyyətinin müəyyən edilməsi;

      - İctimai xidmət sisteminin müxtəlif aspektlərdə təsnifatının aparılması və Təbriz şəhər strukturunda ictimai mərkəzlərin sistemli təşkilinin öyrənilməsi;    

      - Nəqliyyat infrastrukturunun ictimai mərkəzlərin mühit təşkilində rolunun müəyyən edilməsi və  ictimai mərkəzlərdə çoxfunksiyalı memarlıq mühitinin təşkili prinsiplərinin araşdırılması;

      - Müasir ictimai xidmət sisteminin şəhərsalma təşkili prinsiplərinin araşdırılması və ictimai mərkəzlərin perspektiv inkişafını təmin edən amillərin üzə çıxarılması;

    - Təbriz şəhərinin plan quruluşunda ictimai xidmət sistemlərinin müasir dövr üçün inkişaf prinsiplərinin  açıqlanması və   şəhərin ictimai xidmət sisteminin yeni şəhərsalma konsepsiyasının tədqiqi. 

     Tədqiqatın obyekti kimi Təbriz şəhərinin mövcud ictimai xidmət sisteminin şəhərsalma həlləri və onların  təkmilləşdirmə yolları seçilmişdir.

     Tədqiqatın məkan sərhədləri tədqiq olunan şəhər daxil olmaqla, İran İslam Respublikasının ərazisini əhatə  edir.

     Tədqiqatın zaman sərhədləri kimi Təbrizin qədim və orta əsr inkişafı dövründən müasir inkişaf dövrünə kimi zaman kəsiyi götürülmüşdür.

      Tədqiqat metodunu Təbrizin baxılan problemə aid fundamental və ötəri  elmi-ədəbiyyat qaynaqlarının, layihə materiallarının və arxiv mənbələrinin təhlili, fotofiksasiya metodu, yaşayış, rayon, məhəllə, kvartal mühitlərində əhali arasında şifahi formada aparılan  sosial sorğu metodu və s. bu kimi elmi araşdırma və təhlil formalarını özündə birləşdirən kompleks yanaşma üsulu təşkil edir.

     Tədqiqatın elmi yeniliyi  ilk dəfə burada Təbrizin ictimai xidmət sisteminin tarixi mahiyyətinin, bu sistemin xidmət sahələrinin təşkili baxımından səviyyəsinin və zəif tərəflərinin müəyyən edilməsindən, müasir zaman tələbində makro və mikro mühitlərin ictimai xidmət sisteminin komponentlərinin təyin edilməsindən və təkmilləşdirilməsi yollarını təmin edən model tiplərinin təklif edilməsindən irəli gəlir.